Albaniya Respublikası
Albaniya (alb. Shqipëria və ya Shqipëri), tarixi mənbələrdə Arnaudluq, rəsmi adı Albaniya Respublikası (alb. Republika e Shqipërisë) — Balkan yarımadasının cənub-qərbində yerləşən ölkə. Adriatik və İoni dənizləri sahilərində yerləşir və şimal-qərbdən Monteneqro, şimal-şərqdən Kosovo, şərqdən Şimali Makedoniya və cənubdan Yunanıstan ilə həmsərhəddir. Tirana həm ölkənin paytaxtı, həm də ən böyük şəhəridir, sonrakı böyük şəhərləri arasında Durres, Vlyora və Şkoder yer alır.
Ölkənin 28,748 km2 ərazisində müxtəlif iqlim, geoloji, hidroloji və morfoloji şərait mövcuddur. Albaniya landşaftı ilə əhəmiyyətli müxtəlifliyə malikdir, belə ki burada Alban Alpları, Korab, Skanderbeq, Pind və Keravniya kimi qarlı dağlardan tutmuş Aralıq dənizi boyunca yerləşən Adriatik və İoni dənizlərinin qızmar və günəşli sahilərinə qədər rast gəlmək olar.
Albaniya müxtəlif vaxtlarda illiriyalılar, frakyalılar, yunanlar, romalılar, bizanslılar, venesiyalılar və osmanlılar kimi müxtəlif sivilizasiyaların məskunlaşdığı yer olub. 12-ci əsrdə Albanlar Arberiya muxtar knyazlığını qurdular. Albaniya krallığı və Albaniya knyazlığı 13–14-cü əsrlər arasında formalaşmışdır.